Ramiz Mehdiyevin hökmü
Oktyabrın 27-də Prezident Administrasiyasının sabiq rəhbəri, 88 yaşlı Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib. O, dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməyə cəhddə, 17 milyon manatdan çox vəsaiti yumaqda və külli miqdarda rüşvət almaqda ittiham olunurdu.
Lakin məhkəmə heyəti Mehdiyevin yaşını və səhhətindəki ağır problemləri əsas gətirərək Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzanı şərti hesab edib. Bu o deməkdir ki, dövlətə xəyanət və çevriliş cəhdinə görə 14 il cəza alan sabiq məmur həbsxanaya göndərilməyəcək.
Hökmə əsasən Mehdiyevin əsas aktivləri dövlət nəfinə müsadirə olunur. Onun illər boyu aldığı dövlət təltiflərindən və ordenlərdən məhrum edilməsi üçün müvafiq qurumlara təqdimat da verilir.
Bu nəticə tam gözlənilməz deyildi. Aylar əvvəl Dövlət Təhlükəsizliyi Xidməti ağır ittihamlarla bağlı video görüntülər yayanda və Mehdiyev barəsində ard-arda ev dustaqlığı qərarları veriləndə ictimaiyyətdə eyni sual yaranmışdı: onu niyə həbs etmirlər? O zaman Mehdiyevin dövlət aparatında hələ də gizli dayaqlarının qalması, əlində kompromatlar olması kimi versiyalar səslənirdi. İndi ev dustaqlığı mərhələsi 14 illik şərti cəza ilə rəsmiləşib.
Ramiz Mehdiyev sıradan məmur deyildi. Siyasi fəaliyyətinə 1960-cı illərdə komsomol sıralarında başlayan Mehdiyev 1980-ci illərdə Mərkəzi Komitənin katibi vəzifəsinə qədər yüksəlmişdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən dövlət idarəçiliyinə qayıdan Mehdiyev 25 il Prezident Administrasiyasına rəhbərlik edib. O, uzun illər rəsmi Bakının daxilində Moskvanın əsas tərəfdaşı kimi qəbul olunurdu.
İstintaqın ən müəmmalı tərəfi AXCP sədri Əli Kərimlinin bu işə qoşulması oldu. İttihama görə, illərdir bir-birinə qatı düşmən olan iki şəxs, sistemin keçmiş baş ideoloqu Ramiz Mehdiyev və hakimiyyətin ən sərt tənqidçisi Əli Kərimli çevriliş üçün gizli ittifaq qurublar.
Kərimli Dövlət Təhlükəsizliyi Xidmətində iki gün fasiləsiz dindirildikdən sonra həbs edilib. Hökumətyönlü media ilk gündən bu həbsi Mehdiyevlə əlaqələndirib. Kərimli isə ittihamları uydurma adlandırıb və həbs olunacağı təqdirdə bunun siyasi fəaliyyətinə görə olacağını bildirib.
Eyni işə qoşulsalar da, iki təqsirləndirilənin saxlanma şəraiti fərqli olub. Mehdiyev villasında ev dustaqlığında saxlanılıb, Kərimli isə DTX-nin istintaq təcridxanasında müxtəlif məhdudiyyətlərlə üzləşib. Raul Vallenberq Mərkəzinin yaydığı bəyanata görə, Kərimlinin kamerasında içməli su kəsilib, yay istisində kamera havasız qalıb, o, fasiləsiz səs-küylə yuxusuzluğa məruz qalıb. Bəyanatda onun kamerasına psixoloji problemi olan məhbusun salındığı da bildirilir. Kərimli susuzluq səbəbindən məhkəmə zalında huşunu itirib. İnsan haqları təşkilatları bu rəftarı qeyri-insani və işgəncə adlandırıb.
Təxminən bir il əvvəl Kərimli və Mehdiyev eyni maddə ilə, hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunurdular. Sonradan Kərimlinin işi ayrıca icraata götürülüb və istintaq artıq yekunlaşıb. AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bildirir ki, işlərin ayrılma səbəbi rəsmi açıqlanmayıb. Onun sözlərinə görə, Kərimlinin işində yalnız hakimiyyəti zorla dəyişməyə cəhd ittihamı saxlanılıb, Mehdiyevin adı isə hələ də bu işdə keçir.
Şəffaflıqda da fərq var. Hakimiyyət müstəqil jurnalistləri və ictimai fəalları həbs edəndə onların kimdən nə qədər pul aldığını, bank çıxarışlarını və evlərində tapıldığı iddia edilən pulları hökumətyönlü mediada geniş yayır. Lakin söhbət 17 milyon manatı yumaqda ittiham olunan Mehdiyevdən gedəndə, onun hansı mülklərinin, şirkətlərinin və aktivlərinin müsadirə edildiyi açıqlanmır.
Bütün bunlar başqa bir versiyanı gündəmə gətirir: bəlkə Ramiz Mehdiyev işi Əli Kərimlini aradan götürmək üçün qurulmuş siyasi ssenari idi? Bəlkə də bu, 88 yaşlı “boz kardinal”ın illərlə xidmət etdiyi sistemin xeyrinə son tamaşasıdır.