Bakı və Ankara
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 13-cü Zirvəsində dostluq, qardaşlıq və əməkdaşlıq mesajları verərkən, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda gənc futbolçuları təltif edib.
Əliyev Təşkilatın təxminən 15 illik tarixində ilk dəfə rəsmi sammitə qatılmaqdan imtina edib. Bakıdakı rəsmilər bunu sıx qrafiklə əlaqələndirsə də, dövlət başçısı eyni gün paytaxtda FIFA U-15 Dünya Kuboku və Festivalının finalçılarının mükafatlandırma mərasiminə qatılmağa üstünlük verib. Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.
İki müttəfiq ölkə arasındakı gərginlik məktəblərdə hicab məhdudiyyətləri ilə bağlı qanunvericilikdən sonra açıq müstəviyə keçib. Türkiyə rəsmiləri və hakim partiya deputatlarının tənqidlərinə qarşı YAP daxili işlərə qarışmamaq çağırışı edib. Ərdoğanın baş müşaviri Oktay Saral isə səsləndirdiyi tənqidlərin ardınca 26 oktyabrda vəzifəsindən ayrılıb.
Tərəflər arasında digər fikir ayrılığı BMT Baş katibi postuna namizəd məsələsində yaranıb. Ankara keçmiş xarici işlər naziri Feridun Sinirlioğlunu irəli sürdüyü halda, Bakı Birləşmiş Ərəb Əmirliklərinin namizədi Lana Nusseibehin lehinə mövqe bildirib.
Diplomatik təmaslardakı soyuqluq bundan əvvəl Türkiyə liderinin addımlarında da müşahidə olunmuşdu. Ərdoğan 2024-cü ildə Şuşada keçirilən qeyri-rəsmi TDT sammitinə qatılmaq əvəzinə Berlində futbol matçını izləmiş, həmçinin bu ilin 15 oktyabrında Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin toplantısına gəlməmişdi.


