Bakı-Ankara münasibətləri

Bakı ilə Ankara arasında yaranan gərginlik BMT-də Netanyahunun çıxışı zamanı zalın tərk edilməməsi, məktəblərdə hicab məsələsi, silah qiymətləri ilə bağlı açıqlamalar və qarşılıqlı qadağalar fonunda üzə çıxıb. Proseslərin gedişində Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Ankarada təşkil olunan sammitinə getməyib.

Hökumətə yaxın Day.az saytında yayımlanan “Azərbaycanın büdcəsi Türkiyə hakimiyyətinin ehtiyat fondu deyil!” fikri isə münasibətlərin iqtisadi tərəfini önə çıxarıb. SOCAR 18 milyard dollardan çox sərmayə ilə Türkiyənin ən böyük xarici investorudur. Şirkətin aktivlərinə təxminən 7 milyard dollara başa gəlmiş STAR neft emalı zavodu və “Petkim” daxildir. Eyni zamanda Türkiyə Azərbaycan qazının Avropaya daşınmasında əsas tranzit ölkə sayılır.

İki ölkə arasında maliyyə əlaqələrindəki ehtiyatlı yanaşma əvvəlki illərdə də müşahidə olunub. 2021 və 2022-ci illərdə Türkiyə rəsmiləri 1 milyard avroluq svop ehtimalından danışsalar da, Azərbaycan Mərkəzi Bankı bu danışıqları təkzib etmişdi. Həmin vaxt Azərbaycan Dövlət Neft Fondu Türkiyə Mərkəzi Bankında altı aylıq müddətə 1 milyard avro depozit yerləşdirmiş və bunu sırf investisiya addımı kimi təqdim etmişdi.

Son qarşıdurma zamanı Türkiyə Prezidentinin müşaviri Oktay Saral Azərbaycanda məktəbli forması qaydalarını “qəbuledilməz” adlandırıb, Ərdoğan isə BMT kürsüsündən hicab qadağası qoyan ölkələri tənqid edib.

Bunun ardınca YAP qurultayında çıxış edən İlham Əliyev heç kimin ölkəyə diqtə edə bilməyəcəyini deyib: “Bizim heç kimin köməyinə, himayəsinə ehtiyacımız yoxdur… Nə əldə etmişiksə, öz pulumuzla almışıq. Bütün silahlarımızı da dünya bazarı qiymətinə, son gülləsinə qədər pulla almışıq”. Prezident həmçinin bəzi hallarda silahların dünya bazarından dəfələrlə baha təklif olunduğunu da bildirib.

Mənbə: BBC Azərbaycanca

Leave A Reply