TDT sammiti

Qırğızıstan Prezidenti Sadır Japarov Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə çıxış edib.

AZƏRTAC xəbər verir ki, o, təşkilatın növbəti qeyri-rəsmi Zirvə Görüşünün 5-6 avqust 2027-ci ildə Qırğızıstanda keçirilməsi təşəbbüsü ilə çıxış edib. Japarov bildirib: “Bu görüş əməkdaşlığımızı dərinləşdirmək və birgə layihələrimizi müzakirə etmək üçün yeni imkanlar yaradacaq”.

Qırğızıstan lideri çıxışında Azərbaycanın TDT-yə sədrliyi dövrünə də toxunub. O, Bakının sədrliyi vaxtı təşkilat daxilində əməkdaşlığa və birgə təşəbbüslərin inkişafına böyük önəm verildiyini bildirərək Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.

Təşkilatın əhəmiyyətinin getdikcə artdığını deyən Japarov üzv dövlətlər arasında birgə fəaliyyətin vacibliyini qeyd edib, nəqliyyat və logistika sahələrində əlaqələrin genişləndirilməsinə çağırıb.

Prezident həmçinin vurğulayıb ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə birləşdirilməsi türk dövlətlərinin tranzit potensialını artırmaq baxımından mühüm əhəmiyyətə malikdir.

Leave A Reply