Londonda etiraz
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin binası qarşısında etiraz aksiyası baş tutub. Bu barədə məlumatı Azərbaycanın Londondakı səfirliyi yayıb.
Məlumata əsasən, aksiyada 10-15 nəfərdən ibarət, əsasən qadınların daxil olduğu qrup iştirak edib. Onların əllərində İran bayraqları və İranın ilk ali dini lideri Ruhullah Xomeyninin portretləri olub.
İştirakçılar səsgücləndiricilər vasitəsilə müxtəlif şüarlar səsləndirərək Azərbaycanda hicaba qarşı basqıların olduğunu iddia ediblər.
Səfirlik bu aksiyanı təxribat xarakterli adlandırıb və iştirakçıların Azərbaycanın daxili siyasətinə aid məsələləri dini şüarlar və siyasi simvollar vasitəsilə manipulyasiya etməyə çalışdıqlarını qeyd edib.
Bildirilib ki, ölkədə vahid məktəbli formasının tətbiqi qərarı dini azadlıqlara qarşı addım kimi göstərilməyə çalışılır. Diplomatik nümayəndəlik aksiyanı Azərbaycanın müstəqil siyasətinə qarşı təxribat cəhdi kimi qiymətləndirib.
Mənbə: Trend


