Hökumətlərarası görüş
Oktyabrın 30-da Tbilisidə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycanın Baş naziri Əli Əsədovun həmsədrliyi ilə baş tutan görüşdə ticarət, enerji, infrastruktur və Orta Dəhliz layihələri müzakirə olunub.
Civil.ge xəbər verir ki, iclasdan sonra tərəflər 11-ci sessiyanın protokolunu, həmçinin “İpək Yolu” birgə beynəlxalq avtomobil sərhəd-keçid məntəqəsinin fəaliyyətinə dair razılaşmanı, baytarlıq və bitki mühafizəsi sahəsində əməkdaşlıq memorandumlarını imzalayıblar. Baş nazirlər təkbətək görüşdə strateji tərəfdaşlıq və Bakı-Tbilisi-Qars dəmir yolunun rolunu da nəzərdən keçiriblər.
İrakli Kobaxidze jurnalistlərə açıqlamasında iki ölkə arasındakı dövlət sərhədinin, o cümlədən David Qareci monastır kompleksi ətrafındakı ərazinin delimitasiya və demarkasiya prosesini sürətləndirmək barədə razılığa gəldiklərini bildirib. Gürcüstan tərəfinin bu xahişinə rəsmi Bakıdan dostcasına cavab verildiyini deyən baş nazir, prosesdə təxminən 15 belə sahənin olduğunu qeyd edib.
Kobaxidze Azərbaycanın Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu xatırladaraq, Orta Dəhlizin ötürücülük qabiliyyətini artırmaq üçün Gürcüstanda Şərq-Qərb magistralı, Anakliya Dərin Dəniz Limanı və yeni Tbilisi Beynəlxalq Hava Limanı kimi layihələrin həyata keçirildiyini vurğulayıb. O, həmçinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənub Qaz Dəhlizi və dördtərəfli Yaşıl Enerji Dəhlizi layihələrinin əhəmiyyətinə toxunub.
Azərbaycanın Baş naziri Əli Əsədov strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyərək, bu ilin ilk doqquz ayında ikitərəfli ticarət dövriyyəsinin 40 faizdən çox artaraq 1 milyard dollara çatdığını, Azərbaycanın Gürcüstana təxminən 4 milyard dollar sərmayə qoyduğunu bildirib.
Əsədov Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolunun illik gücünün beş milyon tona çatdırılması və Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı yüksək qiymətləndirib. O, həmçinin Tbilisidə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının inşasına tezliklə başlanacağına ümid etdiyini dilə gətirib.


