Həbsxanada zorakılıq iddiası

Həbsdə olan jurnalist Polad Aslanovun saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsində fiziki işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Meydan TV xəbər verir ki, Gülmirə Aslanovanın sözlərinə görə, hadisə barədə oktyabrın 29-da həyat yoldaşı ilə telefon danışığı zamanı xəbər tutub. O, sosial şəbəkə hesabında bildirib ki, Polad Aslanov oktyabrın 12-də aclıq aksiyasına başladığı gün müəssisə rəisi Ramiq Nəsibovun otağında işgəncəyə məruz qalıb və daha sonra cəza kamerasına yerləşdirilib.

Aslanovanın qeyd etdiyinə görə, müəssisəyə yeni təyin edilmiş Teymur adlı əməkdaş rəisin otağında jurnalistin qolunu arxaya buraraq onu yerə yıxıb, rəis Ramiq Nəsibov isə ona zorakılıq tətbiq edib. Hadisədən sonra Polad Aslanov vəkillə təmin olunmasını istəyib.

Məktəblərdə hicab qadağasına etiraz olaraq oktyabrın 12-dən aclıq aksiyasına başlayan jurnalist oktyabrın 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb və aksiyasını davam etdirir. Xanımı bildirir ki, onunla görüşə icazə verilmir, aclığa 52 kiloqramla başlayan jurnalistin çəkisi isə 42 kiloqrama düşüb.

Penitensiar Xidmətdən baş verənlərlə bağlı münasibət öyrənmək mümkün olmayıb.

“Xeberman.com” saytının rəhbəri Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb və dövlətə xəyanət ittihamı ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları rədd edir və tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığını vurğulayır.

Leave A Reply