Arxeoloji tapıntı
Qədim Roma şəhəri Pompeyin xarabalıqlarında təxminən 2 min il ərzində toxunulmaz qalan taxta qarderobdan şəxsi əşyaların qalıqları, makiyaj ləvazimatları, ətir şüşəsi, sikkələr və uşaq boyunbağısı tapılıb. Bu tapıntılar eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olmuş şəhərin gündəlik həyatı barədə məlumat verir.
The Guardian xəbər verir ki, qarderob Pompeyin ən canlı küçələrindən biri sayılan Via dell’Abbondanza üzərindəki evlərdən birinin otağında üzə çıxarılıb. Şkafın içərisindən pinset, kiçik şüşə ətir qabı, buxurdan və tunc fənər əldə edilib.
Tapıntılar arasında ən diqqətçəkən əşya müxtəlif materiallardan hazırlanmış və üzərində Bes ilə Merkuriy də daxil olmaqla bir neçə tanrının təsviri olan 20-dən çox kiçik tilsimdən ibarət boyunbağıdır. “Crepundia” adlanan bu növ boyunbağıları ənənəvi olaraq uşaqlar taxırdı. Bəzək əşyaları səs çıxararaq valideynlərin uşaqları izləməsinə və onların tanınmasına kömək edirdi.
Pompey arxeoloji parkının direktoru Gabriel Zuchtriegel bildirib ki, “crepundia” çox xüsusi funksiyaya malik idi və bəlkə də uzaqda yaşayan valideynləri xatırladırdı. Onun sözlərinə görə, bu, Aralıq dənizi bölgəsində tez-tez yerini dəyişən və şəxsi əşyalarını özləri ilə daşıyan cəmiyyət üçün çox xarakterik idi.
Qarderobda həmçinin 38 tunc sikkə, yemək bişirmək üçün qablar və içində qurğuşun çəki daşları olan taxta qutu da aşkar edilib. Bu detallar ev sakinlərindən birinin ticarətçi olduğuna işarə edir. Gabriel Zuchtriegel qeyd edib ki, pulun və şəxsi əşyaların geridə qalması sakinlərin püskürmə zamanı dərhal qaçmaq məcburiyyətində qaldığını göstərə bilər. Həmçinin evin saxlanc yerindəki amforanın içində iki siçanın skelet qalıqları tapılıb.
İndi artıq görünməyən yazılara görə, bu ev əvvəllər Cornelius Maximus adlı şəxslə əlaqələndirilirdi. Tikilinin fasadı ilk dəfə 1912-ci ildə qazılsa da, mütəxəssislər bərpa layihəsi çərçivəsində otaqlara yalnız indi daxil olurlar. Eyni zamanda Pompey ətrafındakı Villa of the Mysteries ərazisində də qazıntılar aparılır və arxeoloqlar burada sahiblərin deyil, xidmətçilərin yaşadığı hissəni araşdırırlar.


