AMEA-da qərar
Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Ramiz Mehdiyevin akademiyanın həqiqi üzvlüyündən çıxarılması məsələsi müzakirəyə çıxarılıb. Tədbirdə AMEA Rəyasət Heyətinin 28 oktyabr 2026-cı il tarixli təqdimatı əsas götürülüb.
AMEA-nın prezidenti İsa Həbibbəyli çıxış edərək xatırladıb ki, 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyevi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddələri ilə ittiham edib.
Akademiya rəhbəri bildirib ki, ötən bir il ərzində irəli sürülən ittihamlar istintaq tərəfindən təsdiqlənib və Bakı Ağır Cinayətlər Məhkəməsi onun 14 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Həbibbəyli əlavə edib ki, ölkə adına ləkə gətirən cinayət əməllərinə və Nizamnamə tələblərini pozduğuna görə onun AMEA-nın həqiqi üzvü qalması mümkün deyil.
İclasda akademiklər Yaqub Mahmudov, Dilqəm Tağıyev, Möhsün Nağısoylu, müxbir üzvlər Misir Mərdanov, Qurban Yetirmişli və başqaları çıxış edərək Mehdiyevin alim adına yaraşmayan hərəkətlərini pisləyiblər. Çıxış edənlər onun dövlətə xəyanət yolunu tutmasını bağışlanmaz adlandırıb, həmçinin AMEA prezidenti işlədiyi dövrün əsassız yoxlamalar, intriqalar və məhkəmə çəkişmələri ilə yadda qaldığını vurğulayıblar.
Müzakirələrdən sonra gizli səsvermə keçirilib. Nəticələrə əsasən, AMEA-nın Ümumi yığıncağı Rəyasət Heyətinin 28 oktyabr 2026-cı il tarixli qərarını təsdiqləyib və Ramiz Mehdiyev akademiyanın üzvlüyündən birdəfəlik kənarlaşdırılıb.
Mənbə: AZERTAC


