Qarabağda ev məsələsi

Deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında ona Ağdamdan ev verilməməsindən şikayətlənib.

“Adamın Ağdam qeydiyyatı yoxdursa, yaxud başqa yerə ərə gedibsə, o niyə ağdamlı sayılmamalıdır? Məsələn, mənim atamın Ağdamda 6 otaqlı evi var, 5 bacı, 2 qardaşıq, bizə ev düşmür. Niyə düşmür?”, deyə deputat sual edib.

Aqil Abbasın sözlərinə görə, o, 1970-ci ildən Bakıda yaşayır, amma məcburi köçkün statusu yoxdur: “Atamın mülkündə tikilən evdən niyə mənə verilməsin? Mən gedib Ağdamdan öz puluma ev almalıyam, niyə? Mənə də, qardaşıma da, bacılarıma da ev düşməyib.”

Deputat məcburi köçkün statusunun ləğv olunmasını da tənqid edib və bu statusa yenidən baxılmalı olduğunu bildirib. Milli Məclis bu il iyunun 30-da “məcburi köçkün” statusunu həm Qarabağa köçənlər, həm də köçməyənlər üçün ləğv etmişdi.

Spiker Sahibə Qafarova isə deputatın çıxışına kəskin etiraz edib və onu görülən işlərə ləkə salmaqda günahlandırıb.

Bəs sizə Qarabağda ev veriblər?

Leave A Reply