Hərbi əməkdaşlıq
Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri bildirir ki, rusiyalı mütəxəssislər Azərbaycan ordusunun zirehli texnikasının təmiri və baxışı üçün infrastruktur obyektlərinin tikintisinə və modernləşdirilməsinə yardım edəcək.
Dmitri Şuqayev “Zvezda” telekanalına müsahibəsində tərəflər arasında artıq müvafiq kompleks razılaşmanın əldə olunduğunu deyib.
Şuqayevin sözlərinə görə, Azərbaycan ordusunun istifadəsində olan zirehli texnikanın təmiri üzrə obyektlərin modernləşdirilməsi və inşasını nəzərdə tutan bütöv bir proqram imzalanıb.
Xidmət rəhbəri tərəfdaşların Rusiyanın “Pantsir-S1” zenit raket-top komplekslərinə böyük marağının davam etdiyini də söyləyib.
O, bu hava hücumundan müdafiə sistemlərinin geniş tələbata malik olduğunu qeyd edərək, yaxın gələcəkdə onların Azərbaycana tədarükü ilə bağlı müqavilələrin bağlana biləcəyini istisna etməyib.


