Fransada etirazlar

Fransa Daxili İşlər Nazirliyi bildirir ki, oktyabrın 31-də keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının 159 əməkdaşı xəsarət alıb, ölkə üzrə 779 nəfər saxlanılıb.

Təcili tibbi yardım xidmətlərinə görə, toqquşmalarda azı 60 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.

Marsel Polis Prefekturası bildirir ki, şəhərdə baş verən toqquşmalar və qarətlərin qarşısını alarkən 19 polis yaralanıb. Parisdə isə bəzi etirazçıların yandırıcı qarışıqlı pirotexniki vasitələr atması nəticəsində bir neçə jandarm əməkdaşının ciddi yanıq xəsarətləri aldığı xəbər verilir. Polis yürüş iştirakçılarına qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.

Almaniyanın Hessen torpağının daxili işlər naziri Roman Pozek isə bildirib ki, Frankfurtda 100-dən çox polis xəsarət alıb, yaşı 13-29 arasında olan 54 nəfər saxlanılıb, 17 mağazaya ziyan dəyib, onlardan beşi qarət olunub.

Aksiyalara qatılanların sayı barədə tərəflər fərqli rəqəmlər təqdim edir. Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə nümayişlərə 70 mini paytaxtda olmaqla cəmi 320 min nəfərin qatıldığını açıqlayıb. Gənclər təşkilatları və tələbə həmkarlar ittifaqlarının koalisiyası isə aksiyalarda 200 mini Parisdə olmaqla təxminən yarım milyon insanın iştirak etdiyini bildirib.

Nümayişçilər əsasən yaşayış xərclərinin artmasına (bahalığa), təhsildəki bərabərsizliyə, məktəblərin acınacaqlı vəziyyətinə və büdcə ixtisarlarına etiraz edirlər. Hökumət tələbə birlikləri ilə danışıqlar apardığını və yaşayış xərclərini azaltmaq üçün tədbirlər nəzərdən keçirdiyini bildirsə də, narazılıqlar ardıcıl üçüncü həftəsonudur davam edir.

Leave A Reply