ABŞ-İran gərginliyi

İranın İslam İnqilabı Keşikçiləri Korpusu bildirir ki, Hörmüz boğazında iki tanker minaya düşüb, güclü partlayışdan sonra onlardan biri, supertanker alışıb. Korpusun IRNA agentliyinin yaydığı açıqlamasına görə, gəmilər “icazəsiz marşrutla” gedib və yerlərini göstərən sistemi söndürərək Amerika ordusunun dəstəyi ilə gizli keçməyə çalışıb.

Açıqlamada gəmilərin adı və itki barədə məlumat yoxdur. Keşikçilərin dediklərinin müstəqil təsdiqi hələlik yoxdur.

Bundan ayrı, Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb ki, Səudiyyə Ərəbistanının Ras əl-Xəfci şəhərindən təxminən 72 dəniz mili şərqdə tankerin sol bortuna iki naməlum sursat dəyib. İdarənin məlumatına görə, heyət üzvləri salamatdır, ətraf mühitə ziyan barədə xəbər yoxdur. Kimin vurduğu bildirilmir.

Britaniyanın “Military Air Tracking Alliance” aviasiya izləmə resursu peyk görüntülərinə əsaslanaraq yazır ki, Ramon aviabazasında 25, Ovdada 4, Ben-Qurion hava limanında 18 ABŞ yanacaqdoldurma təyyarəsi var. Belə təyyarələr İrana mümkün zərbələr zamanı döyüş təyyarələrinə xidmət edə bilər.

Prezident Donald Tramp RSBN kanalına deyib: “Ya razılaşma əldə edəcəklər, ya da biz bu işi bitirəcəyik”. İranın xarici işlər naziri Abbas Əraqçi isə ABŞ-nin diplomatiyanı seçəcəyinə ümid etdiklərini, amma ordunun hazırlaşdığını bildirib. Tehran yeni müharibənin əvvəlkindən uzun çəkə biləcəyini də deyib.

Leave A Reply