Azərbaycan, həbsxana

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Yavər İsmayılzadənin 1 saylı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qaldığı və buna etiraz olaraq intihara cəhd etdiyi deyilir. Bunu “Meydan TV” məhbus ailələrinə istinadla yazır.

Məlumata görə, İsmayılzadə hicablı şagird və müəllimlərin məktəblərə buraxılmamasına etiraz olaraq oktyabrın 14-də aclıq aksiyasına başlayıb və həmin gün karserə salınıb. Ailələr deyir ki, aclığı dayandırmadığı üçün son bir həftədə həbsxana işçiləri onu iki dəfə döyüb, hər iki hadisədən sonra o, özünə xəsarət yetirib.

İsmayılzadənin hazırda harada saxlanıldığı və səhhəti barədə dəqiq məlumat yoxdur. Penitensiar Xidmət iddia ilə bağlı açıqlama verməyib.

İsmayılzadə 2023-cü ilin martında saxlanılıb, həmin ilin noyabrında Gəncə Ağır Cinayətlər Məhkəməsi onu narkotik ittihamı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, ittihamları rədd edir, hüquq müdafiəçiləri onu siyasi məhbus sayır.

Bu, onun ikinci həbsidir. O, 2018-ci ildə Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdindən sonra saxlanılıb, 2019-cu ildə 9 il həbs alıb, apellyasiya məhkəməsi isə cəzasını 5 ilə endirib. 2022-ci ildə prezident əfvi ilə azadlığa çıxıb.

Leave A Reply