Siyasi məhbuslar

Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə baş məruzəçisi Azadə Rojhan və ATƏT Parlament Assambleyasının siyasi məhbuslar üzrə xüsusi nümayəndəsi Stiv Koen Beynəlxalq Siyasi Məhbuslar Günü ərəfəsində Azərbaycandakı həbslərlə bağlı birgə bəyanat yayıblar. Onlar jurnalistlər Ülvi Həsənli, Fərid Mehrəlizadə və Ülviyyə Əlinin də adını çəkiblər.

Oktyabrın 29-da yayılan bəyanatda deyilir: “Azərbaycanda Anar Məmmədli və Əli Kərimlinin, eləcə də Ülvi Həsənli, Fərid Mehrəlizadə və Ülviyyə Əlinin işləri ifadə azadlığının, müstəqil ictimai və siyasi fəaliyyətin nə dərəcədə boğulduğunu göstərir”.

Bəyanatın müəllifləri siyasi məhbusların azad edilməsinə və işlərinin beynəlxalq gündəmdə saxlanılmasına çağırırlar. Bəyanatda Rusiya, Belarus, Gürcüstan, Ukrayna və Türkiyədə siyasi motivlərlə həbs olunduğu bildirilən şəxslərin də adları çəkilib.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olmadığını, həbslərin cinayət işləri ilə bağlı olduğunu bildirir. Bu bəyanata rəsmi Bakı hələlik cavab verməyib.

Leave A Reply