Təhsil, hicab mübahisəsi

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində deyib ki, vahid geyim qaydaları dövlət məktəblərini əhatə edir, özəl məktəblər isə öz nizamnamələrinə uyğun qaydalar müəyyən edə bilər.

O əlavə edib: “Bu mövzuda məktəbləri dövlət və özəl əsasda fərqləndirmək valideynlər tərəfindən birmənalı qarşılanmaya bilər”. Qurbanov hesab edir ki, bu prinsiplərin bütün məktəblərdə ardıcıl tətbiqi təhsil mühitinə müsbət təsir göstərə bilər.

Nazir müavini qaydaları yalnız geyim məsələsi saymadıqlarını deyir: “Şagird sinfə daxil olanda özünü hansısa ailənin maddi imkanlarına, valideyninin dünyagörüşünə və ya başqasının geyiminə görə fərqləndirilən bir şəxs kimi deyil, eyni məktəb icmasının ləyaqətli bir üzvü kimi hiss etməlidir”. O, qaydaların təhsil sistemində “dünyəviliyin prinsiplərini” ehtiva etdiyini də bildirib.

Qurbanov geyim qaydalarına görə dərsə gəlməyən X-XI sinif şagirdləri barədə deyib: “Biliyi hər hansı səbəbdən asılı olmayaraq qiymətləndirilməyən şagirdə ümumi və ya tam orta təhsil haqqında attestat verilmir”. O, valideynlərə müraciət edərək deyib ki, böyüklər arasındakı fikir ayrılığının nəticəsini uşaqlar təhsildən geri qalmaqla yaşamamalıdır.

Müəllimlərə gəldikdə, nazir müavini geyim tələblərini əmək müqaviləsi öhdəliyi sayır: “Üzrlü səbəb olmadan işə çıxmamaq, əmək funksiyalarını yerinə yetirməmək və ya intizam tələblərinin təkrar pozulması qəbulolunmazdır”. Onun sözlərinə görə, məktəblərdə monitorinqlər davam edəcək, peşə, orta ixtisas və ali məktəblərdə isə vahid geyim nəzərdə tutulmur.

Nazirlər Kabineti dövlət məktəblərində müəllimlərin geyim tələblərini təsdiqləyib, şagird formalarının təsvirlərini də dəyişib. Hicablı şagird və müəllimlərin məktəbə buraxılmaması isə etirazlara səbəb olub, həbsdə olan inanclı fəallardan bəziləri buna görə aclıq aksiyası keçirir.

Leave A Reply