Azərbaycan-İran sərhədi

Dövlət Sərhəd Xidməti (DSX) bildirir ki, İrandan Azərbaycana keçməyə çalışan sərhəd pozucularından biri sərhədçilərə atəş açıb, ona qarşı silah tətbiq olunub və o, “zərərsizləşdirilib”.

DSX bu şəxsin öldürülüb-öldürülmədiyini dəqiqləşdirmir. Rəsmi açıqlamalarda “zərərsizləşdirilib” sözü əsasən öldürülmə hallarında işlədilir.

Xidmətin məlumatına görə, hadisə Cəlilabaddakı “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Sərhəd naryadı İrandan Azərbaycan istiqamətində hərəkət görüb, zastava ayağa qaldırılıb və ərazi bağlanıb. DSX deyir ki, “Dayan” əmri verilib, havaya xəbərdarlıq atəşi açılıb, əmrə tabe olmayan şəxs isə sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb.

Hadisənin vaxtı, sərhəd pozucularının sayı və vətəndaşlığı, digərlərinin taleyi, sərhədçilər arasında xəsarət olub-olmadığı açıqlanmayıb. Məlumat hələlik yalnız DSX-dəndir.

DSX bildirir ki, İran tərəfi sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmanı DSX və Hərbi Prokurorluq birgə aparır.

Foto: Dövlət Sərhəd Xidməti.

Leave A Reply