Neft bazarı

Brent neftinin bir bareli bazar ertəsi səhər təxminən 3,6 dollar ucuzlaşaraq 110 dollardan aşağı düşüb. WTI markası da təxminən eyni qədər ucuzlaşaraq 100,5 dollara enib.

“KCM Trade” şirkətinin analitiki Tim Vaterer enişi ötən həftənin kəskin bahalaşmasından sonra texniki düzəliş və diplomatik ümidlərlə izah edir. İran və Qətər üç gün danışıqlar aparıb. MS NOW kanalı mənbələrə istinadla Qətərin yeddi günlük plan təklif etdiyini yazır.

“Goldman Sachs” isə əksinə, Brent üçün dekabr proqnozunu 90 dollardan 105 dollara, 2027-ci il üçün orta qiyməti isə 88 dollara qaldırıb. Bank bunu noyabrın 3-də ABŞ-də keçiriləcək seçkilərdən sonra gərginliyin arta biləcəyi ehtimalı ilə izah edir.

Brent oktyabrda 14 faiz bahalaşaraq son altı ayın ən yüksək səviyyəsinə çatıb. Qiymətlərin eniş-yoxuşu neft gəlirlərindən asılı olan Azərbaycan büdcəsi üçün də önəmlidir.

Leave A Reply