Bakı Metropoliteni
“Report” saytı öz məlumatına istinadla yazır ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 809,7 milyon manat, yəni 31,4 faiz artırılaraq 2,58 milyard manatdan 3,39 milyard manata çatdırılacaq. Bunun üçün hər birinin nominal dəyəri 14,14 manat olan 57,3 milyon yeni səhm buraxılacaq. Pulun hansı mənbədən gəldiyi və nəyə xərclənəcəyi bildirilmir.
Prezident İlham Əliyevin mayın 7-də imzaladığı fərmanla “BakuBus” və “Bakı Taksi Xidməti” MMC metroya birləşdirilib. Oktyabrın 2-dəki fərmanla isə metroya sərnişin kanat yollarının layihələndirilməsi, tikintisi və xidmətinin təşkili də həvalə olunub.
“Bakı Metropoliteni”nin öz məlumatına görə, sentyabrda metrodan istifadə edənlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə təxminən 30 faiz azalıb.


