Ermənistan-Azərbaycan
Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan “Sputnik-Armenia”ya deyib ki, Azərbaycan hərbçisi Nəsimi Musayev dindirilib və onun məqsədi heç kimi öldürmək olmayıb. Poqosyanın sözlərinə görə, hərbçi dumanda yolunu azıb: “Bu şəxs yolunu azaraq piyada buraya gəlib, hansısa ev görüb, şüşəni sındırıb, acdığı üçün içəri daxil olub, özünə yemək hazırlayıb və paltarını dəyişib. Uşaqlar içəri daxil olduqda onların telefonunu götürüb, oturmağa məcbur edib, lakin onlara xəsarət yetirməyib”.
Ermənistan tərəfinin əvvəlki məlumatına görə, oktyabrın 1-də Sünik vilayətinin Şaki kəndində 39 yaşlı qadın avtomatdan atəşlə ayağından yaralanıb. Ermənistan Səhiyyə Nazirliyi onun əməliyyat olunduğunu, həyatı üçün təhlükə olmadığını bildirib. “JAMnews” hadisənin üç uşağının yanında baş verdiyini yazır. Poqosyanın son açıqlamasında atəş barədə danışılmır.
Azərbaycan Baş Prokurorluğu Laçın istiqamətindəki hərbi hissədə müddətli xidmət keçən Musayevin 26 sentyabrdan axtarıldığını, hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr olduğunu bildirib. Ermənistan onu sərhədi qanunsuz keçmək, silah qaçaqmalçılığı və mənzilə qanunsuz daxil olmaqda ittiham edir, məhkəmə barəsində həbs qərarı seçib. Hökm hələlik yoxdur.
Baş nazir Nikol Paşinyan hadisəni “adi cinayət” adlandırıb, onun təhvil verilməsinin müzakirə olunmadığını, Bakının belə müraciət etmədiyini deyib. O, “bunu apokalipsisə çevirməyə ehtiyac yoxdur” deyərək sülhün qorunmalı olduğunu bildirib. Bakıda həbsdə olan 19 erməni məhbusun fonunda Ermənistanda bu məsələ müzakirə olunur.


