Azərbaycan-İran
APA agentliyi “əldə etdiyi məlumata” istinadla yazır ki, 14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib, onların ölkəyə girişi qadağan olunub. Agentliyin yazdığına görə, səbəb bu şəxslərin mediada və sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışları və düşmənçiliyi təşviq etməsidir. Qərarı hansı qurumun verdiyi yazılmır, Xarici İşlər Nazirliyi hələlik açıqlama verməyib.
Siyahıda parlament deputatları Kamran Qəzənfəri, Əbülfəzl Zöhrəvənd, Abbas Moqtədayi Xorasqani və Əlirza Səlimi, keçmiş deputat Əlirza Beyqi, “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari var. Din xadimlərindən Ekspertlər Məclisinin üzvü Ayətullah Möhsün Əraki, Qumdakı fiqh mərkəzinin rəhbəri Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani, Təbriz imam-cüməsinin ofisindən Qulamrza Kavaşi adı çəkilir.
Ali Mədəni İnqilab Şurasının katibi Əbdül Hüseyn Xosrov Pənah, ekspertlər Ehsan Movəhhediyan, Əhməd Fərşbafiyan, Daryuş Səfərnejad, aktyor və teleaparıcı Əhmədrza Musəvi də qadağan olunanlar arasındadır.
APA İran tərəfini din-dövlət münasibətləri və idarəçilik mövzusunda Azərbaycanı hədəf almaqda, hakimiyyətin zorla dəyişdirilməsinə çağırmaqda ittiham edir. Son həftələrdə Azərbaycanda məktəblərdə hicab qadağası Tehranla gərginliyi artırıb. Tehran bu qərara hələlik cavab verməyib.


