Məhkəmə, mənimsəmə ittihamı
Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Saday Alıyevin işi üzrə hazırlıq iclası keçirilib. Dövlət ittihamçısı onun barəsindəki polisin nəzarətinə vermə tədbirinin həbslə əvəz olunmasını istəyib, məhkəmə bu vəsatəti təmin etməyib. İş baxışa verilib, növbəti iclas noyabrın 11-nə təyin olunub.
“APA”nın məhkəmə xəbərinə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində şöbə müdiri işləmiş Alıyevin fəaliyyətini Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə, xüsusilə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb. İttihamda məbləğ 3 milyon manat göstərilir.
İşdə zərərçəkmiş qismində agentliyin tabeliyindəki “İri Şəhərlərin Su Təchizatı” QSC tanınıb. İş üzrə hökm çıxarılmayıb.
İllüstrativ foto: Ceyranbatan su anbarı, Wikimedia Commons.


