Gürcüstan, 4 oktyabr işi

Murtaz Zodelava noyabrın 4-də Rustavidəki 12 saylı penitensiar müəssisədən çıxıb, qapıda jurnalistlərə daha siyasi planlarının olmadığını deyib. Bu barədə Gürcüstanın SOVA saytı yazır. “4 oktyabr Təşkilat Komitəsi”nin digər üzvü Laşa Beridze də həmin gün Qldani həbsxanasını tərk edib.

Hər ikisi may ayında 7 il həbs cəzası almışdı. Tbilisi Apellyasiya Məhkəməsi oktyabrın 28-də onların prokurorluqla razılaşmasını təsdiqləyib, cəza 3 il 1 aya endirilib: 1 il 1 ayını həbsxanada çəkiblər, 2 ili şərti sayılır. Razılaşmanın şərti təqsiri etiraf etməkdir. Zodelava iclasda ona təzyiq göstərilmədiyini deyib. Eyni razılaşma ilə 5 il cəza almış Quri Jvaniyanın noyabrın 16-da, İrakli Çxvirkiyanın noyabrın 6-da çıxacağı bildirilir.

İş 2025-ci il oktyabrın 4-də, bələdiyyə seçkiləri günü Tbilisidə keçirilən etirazla bağlıdır: həmin gün aksiya iştirakçıları prezident sarayına doğru gedib, polislə toqquşub. Hökumət bunu çevriliş cəhdi adlandırır. Baş nazir İrakli Kobaxidze deyib ki, “təqsirin etirafı və peşmançılıq” müvafiq cavabla, yəni azadlıqla qarşılanacaq.

Bu işdə 60-dan çox adam təqsirli bilinib. Təşkilat Komitəsinin digər üzvləri, opera müğənnisi Paata Burçuladze, siyasətçilər Paata Mancqaladze və İrakli Nadiradze razılaşmaya getməyib, həbsdə qalırlar. Burçuladze oktyabrda həbsxanadan yazdığı məktubda həmin yığıncağın yeganə təşkilatçısının özü olduğunu bildirib: “Gürcü Arzusu” ilə razılaşma “peşmançılıq deyil, qanunsuz həbsdən qurtulmaq imkanıdır”.

Foto: SOVA.

Leave A Reply