Məhkəmə, mənimsəmə ittihamı

Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Saday Alıyevin işi üzrə hazırlıq iclası keçirilib. Dövlət ittihamçısı Eldar Həmzə Alıyevin şahidlərə təsir edə biləcəyini deyərək onun barəsindəki polisin nəzarətinə vermə tədbirinin həbslə əvəz olunmasını istəyib, məhkəmə bu vəsatəti təmin etməyib. İş baxışa verilib, növbəti iclas noyabrın 11-nə təyin olunub.

“APA”nın məhkəmə xəbərinə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində şöbə müdiri işləmiş Alıyevin fəaliyyətini Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə, xüsusilə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb. İttihamda məbləğ 3 milyon manat göstərilir.

İşdə zərərçəkmiş qismində agentliyin tabeliyindəki “İri Şəhərlərin Su Təchizatı” QSC tanınıb. “Haqqın”ın məhkəmə xəbərinə görə, Alıyev iclasda iftira və yalan ittihamla üzləşdiyini deyib, bunu əmək hüquqlarını müdafiə etməsi ilə izah edib. Onun sözlərinə görə, 2021-ci ildə rəhbərlik dəyişəndən sonra işdən çıxarılıb, məhkəmənin qərarı ilə işə bərpa olunub, daha 11 ay işləyib, struktur yenidən qurulandan sonra isə məhkəmənin qərarı 16 aydır icra olunmur. Alıyev işi korrupsiyaya qarşı mübarizə orqanlarına verməklə hədələndiyini, ötən ilin iyulunda barəsində cinayət işi açıldığını deyib. Vəkili Anar Mamışev isə iş materiallarında prosessual pozuntular olduğunu bildirib. İş üzrə hökm çıxarılmayıb.

İllüstrativ foto: Ceyranbatan su anbarı, Wikimedia Commons.

Leave A Reply