Ombudsman, siyasi məhbuslar
Noyabrın 3-də daha yeddi il müddətinə ombudsman seçilən Səbinə Əliyeva andiçmədə əvvəlki illərdə əsasən insan hüquqlarının müdafiəsi ilə məşğul olduğunu deyib. Azadlıq Radiosunun videosunda isə siyasi məhbus sayılan şəxslərin ailələri şikayətlərinin cavablanmadığını, cəzaçəkmə müəssisələrində məhbuslara baş çəkilmədiyini iddia edir.
Radio 10 il cəza alan AXCP üzvü Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətovanın iki il əvvəlki şikayətini xatırladır: “Ombudsman “araşdıracağıq” deyir, amma heç bir şey olmur, zəng gəlmir. Araşdırıb zəng etmirlər”.
Ombudsmanın son hesabatına görə, 2025-ci ildə 355 baş çəkmə həyata keçirilib, təxminən 3 500 nəfər qəbul edilib, aparata 42 mindən çox şikayət daxil olub. Azərbaycanda siyasi məhbus sayılan şəxslərin siyahılarında 300-dən çox ad var.
Azadlıq Radiosunun yazdığına görə, bir müddət əvvəl ombudsmanın maaşının 3 min manatdan 12 min manata qaldırılması barədə qərar verilib, bu, sosial şəbəkələrdə onun fəaliyyətinin belə maaşa uyğun olub-olmaması mübahisəsi yaradıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə deyir ki, Əliyevanın rəhbərliyi ilə ötən yeddi ildə ombudsman institutunun fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə genişlənib. Beynəlxalq və yerli hüquq təşkilatları Azərbaycanda əsas hüquqların pozulduğunu, xeyli jurnalistin həbsdə olduğunu deyir, hökumət bunu təkzib edir.
Əliyeva parlamentdə növbəti hədəf kimi tövsiyələrinin icrasına nəzarəti gücləndirməyi və regionlarda ombudsmana əlçatanlığı artırmağı göstərib. Elə həmin gün “Abzas Media” direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva 10 saylı Cəzaçəkmə Müəssisəsində rüşvət alındığını iddia edib, “Ombudsman Aparatı da buna göz yumur” yazıb. Aparat bu iddialara hələlik cavab verməyib.
Foto: Səbinə Əliyeva ATƏT Parlament Assambleyasının nümayəndələri ilə görüşdə, Bakı, 2023, arxiv, OSCE PA.


