Gürcüstan, Aİ

Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos noyabrın 4-də Avropa Parlamentində 2026-cı il genişlənmə paketini təqdim edərkən deyib ki, Gürcüstanda hakim partiya demokratik prinsiplərə, qanunun aliliyinə və əsas hüquqlara hücumları ilə ölkənin Avropa yoluna zərbə vurur. “Vəziyyəti dəyişmək və yeni mərhələyə başlamaq məsuliyyəti tam olaraq Gürcüstan hakimiyyətinin üzərinə düşür”, - o bildirib.

Avropa Komissiyası bəyanatında Gürcüstanın üzvlük prosesinin faktiki dayandığını, namizəd statusunun yalnız formal xarakter daşıdığını yazır. Komissiyaya görə, Gürcüstan statusu alarkən tövsiyə olunan doqquz addımı atmayıb. Hesabatın dərcdən əvvəl yayılan hissələrində Ali Ədliyyə Şurasının Venesiya Komissiyasının tövsiyələrinə uyğun yenidən qurulması da tələb olunur.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hesabatdan bir gün əvvəl Brüsseldə “Euronews”un genişlənmə forumunda bu tənqidi rədd edib. O, Komissiyanın namizəd statusu və danışıqlar məsələsindən Gürcüstanı şantaj etmək üçün istifadə etdiyini iddia edib, ölkənin Aİ-yə “ləyaqətlə” üzv olmaq istədiyini deyib, “Gürcü Arzusu”nun beş müxalifət partiyasını qadağan etmək barədə iddiasını da müdafiə edib.

Gürcüstan namizəd statusunu 2023-cü ilin dekabrında alıb. Hökumət 2024-cü ilin noyabrında üzvlük danışıqlarını 2028-ci ilədək gündəmə gətirməyəcəyini açıqlayıb.

Foto: Tbilisidə Aİ bayrağı ilə aksiya, arxiv, Wikimedia Commons.

Leave A Reply