Rusiya, İran
“Financial Times” Rusiya hərbi müəssisəsinin məktubuna istinadla yazır ki, Moskva İrana vertolyotlara quraşdırılan 90 APU-L buraxılış qurğusu verməyə razılaşıb. Qurğular Rusiya ordusunun Ukraynaya qarşı işlətdiyi LMUR yüngül çoxməqsədli idarəolunan raketləri üçündür.
Məktubu qəzetə Ukraynanın özəl kəşfiyyat qrupu “Dallas Analytics” verib. Sənəddə “Vımpel” müəssisəsi 2024-2025-ci illərin istehsal cədvəlini göstərir, Maşınqayırma Konstruktor Bürosundan hissələrin çatdırılmasını sürətləndirməyi xahiş edir. Sifarişçi “K-10” kodu ilə yazılıb, qəzetin yazdığına görə, “Rosoboroneksport” bu kodla İranı nəzərdə tutur.
APU-L iki raket daşıyır, Mi-28 və modernləşdirilmiş Ka-52 döyüş vertolyotları üçündür. “Dallas Analytics”in nümayəndəsinə görə, raket 14 kilometri təxminən bir dəqiqəyə qət edir, operator onu uçuşda idarə edə bilir.
Sənəd qurğuların İrana çatdırılıb-çatdırılmadığını göstərmir. Rusiya və İran bu iddiaya hələlik cavab verməyib.


