“AbzasMedia işi”

“AbzasMedia işi” üzrə 9 il həbs cəzası almış jurnalist Hafiz Babalının yaxınları “Meydan TV”yə deyib ki, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalistin dərman təminatını dayandırıb. Onların sözlərinə görə, o, bir ay yarımdır zəruri dərmanlarını ala bilmir.

Yaxınları bildirir ki, Babalı damar xəstəliyindən əziyyət çəkir, üçüncü qrup görmə əlilliyi var, həkimin təyin etdiyi göz təzyiqini aşağı salan dərmanı da əldə edə bilmir.

Jurnalist bu barədə vəkilinə danışıb. Onun dediyinə görə, müəssisənin tibb-sanitar hissəsinin baş həkimi Səddam Hüseynli dərmanların verilməməsini satınalma müsabiqəsinin keçirilməsi ilə izah edib. Penitensiar Xidmətdən konkret açıqlama almaq mümkün olmayıb.

Babalı 2023-cü ilin dekabrında saxlanılıb. 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay həbs cəzasına məhkum edib. Apellyasiya hökmü qüvvədə saxlayıb.

Leave A Reply