İran, Ermənistan

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “İttilaat” qəzetində “Ermənistan Baş nazirinə açıq və səmimi müraciət” başlıqlı məqalə ilə çıxış edib.

Vilayəti yazır ki, Baş nazir Nikol Paşinyanın son addımları Ermənistan üçün parçalanma və problemlər yaradır, bunları bir sözlə Qərbin, xüsusilə Fransa, ABŞ və Böyük Britaniyanın siyasətinə getdikcə daha çox tabe olmaq kimi ifadə etmək olar. Onun fikrincə, bu davranış Cənubi Qafqazda yeni düşmənçilik və gərginlik mərhələsinə səbəb olur.

Müşavir Paşinyanın son addımı kimi Zəngəzur dəhlizinin adının “Tramp marşrutu” və ya TRIPP olaraq dəyişdirilməsi təklifini qəbul etməsini göstərir, bu təklifi əsassız və düşünülməmiş adlandırır. O, ABŞ prezidentini “çoxüzlü” şəxs kimi təqdim edir.

Vilayətiyə görə, İran Rusiya ilə birlikdə və ya Rusiyasız Cənubi Qafqazın təhlükəsizliyinin qorunmasını öz məsuliyyəti sayır, çünki Qafqaz Böyük Kir dövründən Dağıstanın Dərbənd şəhərinə qədər İran üçün təhlükəsizlik buferi olub.

O xatırladır ki, 2021-ci ildə Tehranda keçirilən Astana sammitində Əli Xamneyi Ərdoğan və Putinlə görüşlərində Zəngəzur dəhlizinin yaradılmasına qarşı olduqlarını açıq deyib. Vilayəti bu mövqeni İran üçün qırmızı xətt adlandırır və yazır ki, Ermənistan səfirinə belə çatdırıb: “Tramp və onun müttəfiqləri İranın bu qırmızı xəttini keçmək istəsələr, onların ayaqlarını qıracağıq”.

Leave A Reply