Milli Şura

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli noyabrın 5-də Facebook-da yazıb ki, Ramiz Mehdiyevin işi ilə bağlı ölkədən çıxışına qoyulan qadağa hələ də qüvvədədir. Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu məhdudiyyəti 2025-ci il noyabrın 30-da qoyub və həmin gün ondan şahid ifadəsi alıb.

Həsənli 2027-ci il yanvarın 7-10-da Nyu-Orleanda keçiriləcək Amerika Tarix Cəmiyyətinin 140-cı illik toplantısına dəvət aldığını, cəmiyyətin üzvü olduğunu bildirib. O yazır: “Ramiz Mehdiyevin məhkəmə prosesi oldu və bizi şahid kimi ora dəvət etmədilər. Bizim mövqeyimiz belə idi ki, nə Ramiz Mehdiyevin, nə də bir başqasının rəhbərliyi və ya iştirakı ilə ölkədə dövlət çevrilişi deyilən bir şey olub. Artıq məhkəmə başa çatıb. Bizim də məhkəmədə şahid kimi ifadə verməyimizi lazım bilməyiblər. Lakin stop stopluğunda qalır”.

Azadlıq Radiosu yazır ki, bu açıqlama ilə bağlı rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

1995-2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik etmiş Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və çirkli pul ittihamları ilə mühakimə olunub. Radioya görə, ötən ay məhkəmə ona yaşı və səhhəti əsas gətirilərək 14 il şərti cəza verib. Milli Şuraya daxil olan AXCP-nin sədri Əli Kərimli və müavini Məmməd İbrahim isə ötən ilin noyabrından həbsdədir, onların məhkəməsi davam edir, ittihamı qəbul etmirlər.

Leave A Reply