Rusiya-Ukrayna müharibəsi

ABŞ-nin birinci xanımı Melaniya Tramp noyabrın 5-də Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrini qəbul edib. Görüşdə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova, Ukrayna tərəfindən isə “Xalqın xidmətçisi” partiyasının parlamentdəki fraksiyasının rəhbəri David Araxamiya və ombudsman Dmitro Lubinets iştirak edib.

“Al Jazeera”nın yazdığına görə, Melaniya Tramp tərəfləri Xerson vilayətinin işğal altındakı Oleşki şəhərində elan olunmuş humanitar atəşkəsi “qaranlıq dünyada qığılcım” kimi görməyə çağırıb: “Birlikdə müvəqqəti atəşkəsdən daha davamlı bir şey yarada bilərik”. O, iki ölkənin imzaladığı yazılı razılaşmalarda “müstəsna vasitəçi” kimi göstərildiyini, minatəmizləmə planlarından təxliyə yollarına qədər hazırlığın bütün mərhələlərində iştirak etdiyini deyib.

“Interfax”ın yazdığına görə, birinci xanım Vladimir Putinə və Volodimir Zelenskiyə şəxsən məktub yazdığını deyib və məktubları görüşdəki nümayəndələrə verib. O, Oleşki atəşkəsinin hər iki prezident olmadan mümkün olmayacağını da bildirib. Ukrayna nümayəndələri ona Zelenskinin bu həftə verdiyi I dərəcəli Knyaginya Olqa ordenini təqdim ediblər.

Altı günlük atəşkəs Oleşkiyə yardım çatdırılmasına və təxminən 800 nəfərin təxliyəsinə imkan verib. Bu, genişmiqyaslı müharibə başlayandan bəri ən uzun çoxgünlük atəşkəs olub. Ağ Ev vasitəçiliyi Melaniya Trampa aid edir, Roma Papası XIV Leo da tərəfləri yardıma və təxliyəyə icazə verməyə çağırmışdı. Atəşkəs ötən bazar günü uzadılmadan bitib.

Görüşdən sonra Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova bildirib ki, noyabrda Melaniya Trampla birgə növbəti mərhələdə daha 9 ukraynalı uşaq Ukraynadakı yaxınlarına qaytarılacaq. Rusiya ilə Ukrayna arasında ABŞ-nin vasitəçiliyi ilə növbəti danışıqların noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcəyi gözlənilir.

Leave A Reply