Araşdırma

Prezident İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva noyabrın 6-da Cəbrayılda “Sunbeverage” MMC-nin alkoqolsuz içki zavodunun açılışında iştirak ediblər. “Meydan TV” zavodun arxasında kimlərin dayandığını araşdırıb və yazıb ki, şirkətin ilk qanuni təmsilçisi Akif Əsgərovun adı “Azərsun”un müəssisələrində, Dubayda qeydiyyatdan keçmiş şirkətin Azərbaycan filialında və Arif Paşayevlə birgə patent sənədlərində keçir.

Zavodun təməli 2024-cü il oktyabrın 3-də qoyulub. O vaxt ilkin mərhələdə 35 milyon manat investisiya qoyulacağı bildirilirdi, açılışda isə layihənin ümumi dəyərinin 70 milyon manat olduğu deyilib. Rəsmi açıqlamaya görə, layihə özəl vəsait və bank kreditləri hesabına maliyyələşib, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondu 5 milyon manat güzəştli kredit ayırıb. Daha 5 milyon manatlıq kredit üzrə zəmanət və faiz subsidiyasından istifadə olunub. Zavodun illik gücü 150 min ton olacaq, 300 nəfərin işlə təmin edilməsi planlaşdırılır. 2026-cı ilin vakansiya elanında “Sunbeverage” “Azersun Holding”ə bağlı müəssisə kimi təqdim edilir.

Vergi reyestrinə görə, şirkət 2024-cü il aprelin 29-da 10 min manat nizamnamə kapitalı ilə qeydə alınıb, ilk qanuni təmsilçisi Akif Əsgərov olub. 2025-ci il iyulun 16-da onu Serkan Kara əvəzləyib. “Meydan TV”nin yazdığına görə, Əsgərov ən azı 2011-ci ildən holdinqlə bağlıdır: o, holdinqin baş məsləhətçisi, sonra “Azərsun Kənd Təsərrüfatı Məhsulları” şirkətinin direktor müavini kimi təqdim olunub, təsisçisi “Azərsun Holdinq” olan “Muğan Enerji”nin rəsmi təmsilçisi olub.

Sayt “Turan” agentliyinin 2018-ci il xəbərinə istinadla yazır ki, Dubayın Cəbəl Əli Azad Zonasında qeydiyyatdan keçmiş “Anatolia Holding Company Limited”in Azərbaycan filialı “Azərsun”un Bakıdakı baş ofisində yerləşib və ona Əsgərov rəhbərlik edib. Rusiya reyestrinə görə, həmin şirkət Krasnodarda çay və qəhvə istehsal edən “Kuban-Ti”nin 70 faizinə sahibdir. 2015-ci ilin “Sənaye mülkiyyəti” bülletenində çayın fermentasiyası ilə bağlı iki ixtira müraciətində Əsgərovun adı Prezidentin qayınatası, akademik Arif Paşayev və “Azərsun Holdinq”in qurucusu, 2025-ci ildə vəfat edən Abdolbari Gözəllə birlikdə keçir.

“Azərsun”un rəhbərliyi ilə Əliyevlər ailəsi arasındakı biznes əlaqələri əvvəllər ICIJ və OCCRP-nin araşdırmalarında da yazılıb. “Azərsun Holdinq” və “Sunbeverage” “Meydan TV”nin yazısı ilə bağlı hələlik açıqlama verməyib.

Leave A Reply