Naxçıvan
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi ləğv edilib. “Qafqazinfo” saytının yazdığına görə, bununla bağlı qərarı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev noyabrın 5-də imzalayıb, sənəd elə həmin gün qüvvəyə minib.
Qərara görə, Naxçıvanın İqtisadiyyat Nazirliyi beş iş günü ərzində ləğvetmə komissiyası yaratmalıdır. Komissiyaya nazirliyin, muxtar respublikanın Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Arxiv İdarəsinin və nümayəndəliyin özünün təmsilçiləri daxil olacaq.
Bakıdakı Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov sentyabrda vəzifəsindən azad edilmişdi. Nümayəndəliyin funksiyalarının hansı quruma veriləcəyi və əməkdaşlarının taleyi barədə qərarda məlumat yoxdur.


