Hörmüz boğazı

İranın silahlı qüvvələri noyabrın 5-də bildirib ki, Hörmüz boğazında bir neçə ayrı hadisədə beş neft tankeri və bir yedək gəmisi yanıb. “Al Jazeera”nın yazdığına görə, İnqilab Keşikçiləri bir tankerin boğazın cənubunda minaya dəydiyini, bir supertankerin isə boğazın şərq çıxışında yanğına görə dayandığını açıqlayıb. İran ordusu əvvəl üç, sonra daha iki tankerin minaya düşdüyünü bildirib.

“Interfax”ın İran Hərbi Dəniz Qüvvələrinə istinadla yazdığına görə, Tehran gəmilərin hökumət xəbərdarlıqlarına məhəl qoymadığını, “qadağan zonaya” girdiyini və “İranla razılaşdırılmamış marşrutlarla” keçməyə çalışdığını iddia edir. Tankerlərin adı, bayrağı və heyətin vəziyyəti açıqlanmayıb, ölən olduğu bildirilməyib.

Britaniyanın dəniz ticarəti mərkəzi UKMTO isə ayrıca hadisə barədə məlumat verib: Qətərin Mədinət əş-Şimal şəhərindən təxminən 50 dəniz mili şimalda bir tanker iki mərmi ilə vurulub. Hücumu kimin etdiyi bəlli deyil.

Noyabrın 6-da İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri daha iki neft tankerinin boğazdan “icazəsiz” marşrutla keçməyə çalışarkən minaya düşüb yandığını bildirib. SEPAH iddia edir ki, gəmilər naviqasiya sistemlərini söndürüb və müəyyən olunmuş qaydalara zidd hərəkət edib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədr müavini Əmir Hayat Müqəddəm isə ISNA agentliyinə deyib ki, Hindistan, Çin, İraq və Qətərin gəmiləri boğazdakı məhdudiyyətlərdən azad edilib, onları amerikalılar da saxlamır. Al Jazeera-nın yazdığına görə, deputat Tehranın Hindistan və Çin gəmilərindən tranzit haqqı alacağını, Qətər gəmilərinin isə pulsuz keçdiyini deyib. İran müharibənin əvvəlində boğazı faktiki bağlayıb, ABŞ isə iyulda İranın cənub limanlarına dəniz blokadasını bərpa edib.

Bu xəbərlərdən sonra “Brent” neftinin bir barelinin qiyməti 97 dolları keçib, noyabrın 6-da isə 100 dolları ötüb. “The New York Times” adı açıqlanmayan Pentaqon rəsmilərinə istinadla yazır ki, ABŞ-nin minlərlə hərbi hava və dəniz qüvvəsi Trampın əmri ilə İrana qarşı böyük əməliyyatları bərpa etməyə hazırdır.

Leave A Reply