Ermənistan, Britaniya

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan və Böyük Britaniyanın müdafiə nazirlikləri 2026-2027-ci illər üçün müdafiə əməkdaşlığı proqramı imzalayıb. Sənəd Londonda keçirilən ikitərəfli məsləhətləşmələrin yekununda imzalanıb.

Nazirliyin yazdığına görə, tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini, müdafiə sahəsində əməkdaşlığı və ikitərəfli münasibətlərin perspektivlərini müzakirə ediblər, yeni sahələrdə birgə təşəbbüslər barədə razılığa gəliblər.

Yerevan son illər Qərb ölkələri ilə hərbi əlaqələrini genişləndirir. Ermənistan 2024-cü ildə Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub və üzvlük haqqını ödəmir. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS-a deyib ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası gələn həftə buna görə Ermənistanı səs hüququndan müvəqqəti məhrum edə bilər.

Leave A Reply