İran, sualtı kabellər
“Financial Times” yazır ki, Tehran regionun rəqəmsal infrastrukturunu hədələdikdən sonrakı həftələrdə İranla əlaqəli ən azı dörd gəmi Oman körfəzində sualtı internet kabellərinin keçdiyi dəhlizlərdə qeyri-adi hərəkət edib. Qəzetin istinad etdiyi dəniz analitikası şirkəti “Windward”ın oktyabr hesabatına görə, gəmilər normal üzüb, amma məhz kabel dəhlizinə çatanda yavaşlayıb, dövrə vurub, geri dönüb və ya izləmə cihazını söndürüb.
“Windward” bu davranışı “kabel marşrutlarının xəritəyə alınması və ya izləmə sönülü vəziyyətdə onlara partlayıcı və ya mina qoyulması profilinə uyğun” adlandırıb. Gəmilərdən üçü ABŞ sanksiyası altındakı tankerlərdir, dördüncüsü isə sahibi bilinməyən kiçik İran balıqçı gəmisidir.
Ən diqqətçəkən hal mayda ABŞ dəniz piyadalarının blokadanı yarmaq şübhəsi ilə yoxladığı İran bayraqlı “Celestial Sea” tankeridir. Hesabata görə, o, oktyabrın 14-də Körfəz ölkələrini Avropa və Afrika ilə birləşdirəcək “2Africa” kabelinin yanında dörd saatdan çox dövrə vurub, ertəsi gün Sohar yaxınlığında izləmə cihazını söndürüb və 86 saat görünməyib. İran Mühafizəçilər Korpusunun Hərbi Dəniz Qüvvələri balıqçıları və onların qayıqlarını “dəniz bəsici”ndə birləşdirib, komandanı bunu “kölgə donanması” adlandırıb. İran tərəfi qəzetin yazısına hələlik cavab verməyib.


