Həbsxana şəraiti
“Toplum TV işi” üzrə həbsdə olan “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət ediblər. “Toplum TV”nin yaydığı müraciətdə onlar həbsxanalarda məhbusların tibbi təminatı ilə bağlı suallar veriblər.
Onlar yazır: “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır”. Müraciətə görə, Bakı İstintaq Təcridxanasında feldşerlər tibbi spirti məhbuslara içki kimi 10 manata satır, Umbakı Penitensiar Müəssisəsində isə feldşerlər spirtin onlara da qadağan olunduğunu deyib, inyeksiya zamanı belə ondan istifadə etmirlər.
Müəlliflərin sözlərinə görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində şərait antisanitardır və bəzi xəstə məhbuslar orada qalmaqdan imtina edir. Onlar Bakı İstintaq Təcridxanasında müayinə üçün pul istənildiyini, pulsuz tibbi yardım tələbi yerinə yetirilmədiyi üçün bəzi məhbusların etiraz olaraq özlərinə xəsarət yetirdiyini də yazıblar. Müraciətdə soruşulur ki, polisdən təhvil alınan və işgəncə ilə ifadə verdiyini deyən şəxslərin bədənindəki izlər təcridxanalarda niyə obyektiv qeydə alınmır.
“On minlərlə məhbusun həyatı və sağlamlığı bu sualların cavabının nə olmasından asılıdır”, - deyə müraciətdə bildirilir. Ədliyyə Nazirliyi və Penitensiar Xidmət iddialarla bağlı hələlik açıqlama verməyib.


