Avropa Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 3-də Bakıda “Qış parkı”nın salınması üçün evləri sökülən 13 nəfərin şikayəti üzrə təzminat qərarı çıxarıb. Azadlıq Radiosunun yazdığına görə, hökumət onlara ümumilikdə 751 min 250 avro ödəməlidir.

Təzminat alanlar arasında Ağ Partiyanın sədri Tural Abbaslının anası Başxanım Abbasova da var: hökumət ona maddi ziyana görə 104 min 500, mənəvi ziyana görə 3 min avro ödəməlidir. Tahirə Salamovaya 47 min, Zaman Mahmudovun oğluna 127 min, Alla Fətəliyevaya 53 min 700, Günel İsimxanovaya isə 44 min 300 avro ödəniləcək. Şikayətçilərin hər birinə mənəvi ziyana görə 3 min avro kəsilib, bu məbləği hökumət özü təklif etmişdi.

Məhkəmə 13 ərizəçinin mülkiyyət hüququnun pozulduğunu hələ 2025-ci ilin fevralında tanımışdı. O vaxt qərarda deyilirdi ki, əmlak dövlət ehtiyacları üçün alınsa belə, “özgəninkiləşdirmə prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməyib”. Təzminat məsələsi isə tərəflərin yazılı mövqeyindən sonra həll ediləcəkdi.

“Qış parkı” “Beşmərtəbə” kimi tanınan ərazidən Heydər Əliyev Sarayının arxasına qədər olan hissədə Bakı şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Hacıbala Abutalıbovun 2008-ci il sərəncamı ilə salınıb. Ərazidə yüzlərlə ev sökülüb, sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib, onlar bununla razılaşmayıb. Avropa Məhkəməsi bu işlər üzrə əvvəllər də qərarlar çıxarıb: 2025-ci ilin yanvarında “Bağvanov və digərləri Azərbaycana qarşı” işində 18 sakinə 1 milyon 693 min avro təzminat kəsilib.

Leave A Reply