Türkiyə, enerji
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib ki, Türkiyənin Rusiyadan daha az, ABŞ-dən isə daha çox qaz almasının səbəbi siyasət yox, qiymətdir. “Səbəb çox sadədir: siyasət yox, qiymət. Rusiya qazı həddən artıq bahadır”, - deyə nazir İstanbulda Türkiyənin 2040-cı ilədək Milli Enerji Strategiyasının təqdimatında bildirib.
Bayraktar Rusiya ilə əlaqələri kəsməyi planlaşdırmadıqlarını, Türkiyənin Rusiya qazına yenə ehtiyacı olduğunu deyib. Amma onun sözlərinə görə, bazardakı indiki disbalans qaldıqca bu tendensiya hər il davam edə bilər: ucuz qaz bahalı idxalı sıxışdıracaq.
“Türkiye Today” nəşrinin yazdığına görə, Rusiya qazının Türkiyənin idxalındakı payı 2024-cü ildə 64% idisə, 2025-ci ildə 37%-ə düşüb. 2000-ci illərin əvvəlinədək “Qazprom” Türkiyə qaz bazarında yeganə tədarükçü olub. Türkiyə Rusiyaya ödədiyi qiyməti açıqlamır, ona görə də nazirin iddiasını müstəqil yoxlamaq çətindir. Türkiyə Azərbaycandan da “Şahdəniz” yatağının qazını alır.


