Santa-Rosa bazasına dron hücumu
Kolumbiyanın şimalındakı Santa-Rosa-del-Sur şəhərində ordu bazasına noyabrın 7-də dron hücumu edilib, üç hərbçi ölüb, ən azı 16 nəfər yaralanıb. Bu barədə ölkənin silahlı qüvvələri məlumat verib. Hücumu kimin həyata keçirdiyi açıqlanmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə üç partlayışdan sonra bazadan tüstü qalxdığı, əsgərlərin qum torbalarından düzəldilmiş sığınacaqlarda gizləndiyi görünür.
Prezident Abelardo de la Espriella X sosial şəbəkəsində yazıb: “Bu hücumun arxasında dayananların gizlənməyə yeri olmayacaq. Əsgərlərimizə qarşı hər hücum Kolumbiyanı müdafiə etmək əzmimizi gücləndirir”.
San-Lukas dağlarının ətəyindəki bu ərazi qızıl mədənləri ilə zəngindir və uzun müddətdir “Körfəz Klanı”, Milli Azadlıq Ordusu (ELN) və FARC-ın keçmiş üzvlərinin rəhbərlik etdiyi kiçik qruplar arasında mübarizə meydanıdır. “Al Jazeera”nın yazdığına görə, avqustda hakimiyyətə gələn mühafizəkar de la Espriella üsyançı qruplarla sülh danışıqlarını ləğv edib, hava zərbələrini artırıb, bəzi şəhərlərə əlavə qoşun yeridib. Hökumət silahlı qrupların əvvəlki hökumətin elan etdiyi atəşkəslərdən kənd yerlərində mövqelərini möhkəmləndirmək üçün istifadə etdiyini iddia edir, bəzi qruplar isə buna ordu üzərinə hücumları artırmaqla cavab verib.
Keçən həftə Tolima əyalətində hərbi bazaya qaz balonlarından düzəldilmiş raketlərlə hücum edilib, iki aylıq körpə də daxil olmaqla dörd mülki şəxs ölüb. Sərhəd şəhəri Kukutada polis bir neçə dəfə uzaqdan idarə olunan bombalarla hədəfə alınıb. Silahlı münaqişələri izləyən ACLED təşkilatının məlumatına görə, oktyabrın 16-dək olan dörd həftədə dövlət qüvvələri və qanunsuz qruplar bomba və partlayıcı ilə 34 hücum həyata keçirib, bu, keçən ilin orta göstəricisindən 9% çoxdur.


