Moskva reydində hərbi müqavilə

Moskva polisi noyabrın 7-si axşam paytaxtın mərkəzində, gənclərin toplaşdığı “Kitay-qorod” metrosu ətrafında genişmiqyaslı reyd keçirib. Rusiyanın “Baza” Telegram kanalının yazdığına görə, 200-dən çox insan saxlanılıb, onların çoxu yetkinlik yaşına çatmayanlardır. “Ostorojno, Moskva” kanalı polis şöbələrinə təxminən 300 nəfərin aparıldığını yazır. Rəsmi rəqəm açıqlanmayıb.

Saxlanılanlar “Ostorojno, novosti” kanalına polisin onları hədələdiyini və güc tətbiq etdiyini deyib. Həmsöhbətlərdən birinin sözlərinə görə, həbs maşınında 18 yaşdan yuxarı olanlara israrla hərbi xidmət üçün müqavilə imzalamaq təklif edilib. Başqa birinin dediyinə görə, “Taqanski” polis şöbəsində hərbi komissarlığa çağırış vərəqələri paylanıb, onları hərbi xidmətdən möhləti olan tələbələr də alıb.

RBK nəşrinə danışanlardan bəziləri küçə ilə sadəcə keçərkən saxlanıldıqlarını deyib. Yeniyetmələrdən birinin anası oğlunun müqavimət göstərməyə çalışdıqdan sonra qarnına iki dəfə vurulduğunu və onu başqa bir maşınla şöbəyə apardıqlarını bildirib. “DW”nin yazdığına görə, bu ərazidə saxlamalar yaydan bəri davam edir, polis şöbələrinə düşənlərin bir çoxu OMON əməkdaşlarının onları döydüyünü və elektroşokerdən istifadə etdiyini deyib.

Moskva polisi reydi “profilaktik tədbir” adlandırıb və onun ictimai asayişin qorunmasına, o cümlədən ictimai yerlərdə spirtli içki qəbulu ilə bağlı inzibati pozuntuların qarşısının alınmasına yönəldiyini bildirib. “Baza”nın məlumatına görə, ən azı 17 nəfər haqqında ictimai yerdə spirtli içki qəbul etməyə görə protokol tərtib olunub, sənədlər sərxoş vəziyyətdə olmağa və polisin tələblərinə tabe olmamağa görə də yazılıb. Polisin açıqlamasında müqavilə təklifi və çağırış vərəqələri barədə heç nə deyilmir.

Noyabrın 7-si gecə saxlanılanları buraxmağa başlayıblar, yeniyetmələri valideynləri aparıb. Hamının azad edilib-edilmədiyi barədə dəqiq məlumat yoxdur.

Leave A Reply