Trampdan demokratlara araşdırma
ABŞ prezidenti Donald Tramp noyabrın 7-də “Truth Social” sosial şəbəkəsində Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvləri barədə araşdırma başlamağı tapşırdığını yazıb. O, demokratları baş prokurora və digər rəsmilərə təzyiq göstərməkdə və “şantajda” ittiham edir. Trampın iddiasına görə, ara seçkilərdə qələbədən sonra demokratlar baş prokuroru və başqa vəzifəli şəxsləri heç bir əsas olmadan impiçment və digər cəza tədbirləri ilə hədələyirlər: “Bu, ən yüksək səviyyədə şantajdır və onlar cəza almalıdırlar”.
Tramp həmçinin demokratların respublikaçıların maliyyə dəstəkçilərini siyasi baxışlarına görə həbslə hədələdiyini, Miçiqan senatoru Elissa Slotkinin isə gənc amerikalıları Respublikaçılar Partiyasını dəstəklədiklərinə görə təqib etməyə hazırlaşdığını iddia edir.
Demokratların bir hissəsi Trampın təyin etdiyi rəsmilərin, o cümlədən prezidentin ailə üzvlərinin vəzifədən sui-istifadə faktları ilə bağlı parlament araşdırmaları başladacağını elan edib. “Reuters” agentliyinin yazdığına görə, seçkidəki məğlubiyyətdən sonra Ağ Evdə ziddiyyətlər də kəskinləşib: Trampı tənqid edən Kentukki konqresmeni, respublikaçı Tomas Massi Pentaqonun rəhbəri Pit Heqsetin impiçmenti məsələsini səsverməyə çıxarmaq istədiyini deyib.
Tramp ara seçkilərin nəticələrini tanıdığını və həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu qazanmış demokratlarla işləməyə hazır olduğunu açıqlayıb. Demokratların bir hissəsi onun 2020-ci il prezident seçkisindən sonra olduğu kimi nəticələri mübahisələndirəcəyindən ehtiyat edirdi. Bir gün əvvəl isə Tramp aparat rəhbəri postuna sərt miqrasiya siyasətinin və milli-mühafizəkar xəttin tərəfdarı Stiven Milleri təyin edib. “Reuters”ə görə, bu addım demokratlara meydan oxumaq kimi qarşılanıb.


