Dnepropetrovskda 600 min işıqsız
Rusiyanın Ukraynanın energetika sisteminə zərbələri nəticəsində noyabrın 8-də Dnepropetrovsk vilayətində 600 mindən çox insan elektriksiz qalıb. Vilayət hərbi administrasiyasının rəhbəri Oleksandr Hanja bildirib ki, xəstəxanalar və kritik infrastruktur obyektləri dizel generatorlarına keçirilib, Dnepr şəhərində elektrik ictimai nəqliyyatı dayanıb. Onun sözlərinə görə, energetiklər artıq işə başlayıb, amma davamlı atəş bərpa işlərinə mane olur.
Prezident Volodimir Zelenski ölkə üzrə geniş elektrik kəsintiləri olduğunu deyib: “Təkcə Jitomir vilayətində Rusiyanın zərbəsindən sonra 140 çoxmənzilli bina istiliksiz qalıb”. O, bir gün əvvəl Rusiyanı yaxın günlərdə Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlardan əvvəl “bütün ölkəni işıqsız qoymaqla” maksimal təzyiq göstərməyə çalışmaqda ittiham etmişdi.
Ukrayna ordusunun məlumatına görə, noyabrın 8-nə keçən gecə Rusiya Azov dənizindən üç “X-59/69” qanadlı raketi və 164 zərbə dronu buraxıb, dronlardan 137-si vurulub. Yerli hakimiyyətin məlumatına görə, Dnepr şəhərinə dron zərbəsi nəticəsində bir mülki şəxs ölüb, biri yaralanıb, şəhərətrafındakı fərdi evdə yanğın baş verib. Poltava vilayətində dörd nəfər xəsarət alıb.
Rusiya energetika obyektlərinə zərbələri sentyabrın sonundan artırıb. O, 2022-ci ildə genişmiqyaslı müharibəyə başlayandan bəri hər qış bu sahəni hədəf alır. “Azadlıq Radiosu”nun oktyabrda Ukrayna ordusundan əldə etdiyini bildirdiyi Rusiya sənədində bu ilki kampaniyanın planı təsvir olunub, hədəflər arasında elektrik istehsalı və təchizatı, su təchizatı, kanalizasiya və istilik sistemləri göstərilib. Rusiya Müdafiə Nazirliyi noyabrın 8-də Jitomir vilayətində 330 kilovoltluq yarımstansiyanı vurduğunu açıqlayıb.


