Şençjen sammitinin gündəliyi
Kreml sözçüsü Dmitri Peskov Rusiya televiziyasına deyib ki, Moskva, Vaşinqton və Pekin Çinin Şençjen şəhərində mümkün üçtərəfli görüşün gündəliyi üzərində işləyir. Onun sözlərinə görə, tərəflər öz təkliflərini irəli sürür, amma bəzi məsələlər bir tərəf üçün üstünlük təşkil etsə də, digəri üçün tamamilə məqsədəuyğun sayılmır, ona görə də konsensus tapılmalıdır. Peskov əlavə edib: “Əgər bu konsensusa nail olmaq mümkün olsa, görüş baş tutsa, çox vacib, heç bir şişirtmə olmadan bütün dünyanın diqqətini çəkəcək müzakirə olacaq”.
Şençjendə noyabrın 18-19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti keçiriləcək. Çin XİN-in sözçüsü Mao Ninq noyabrın 4-də ilk dəfə üç liderin mümkün görüşü ilə bağlı “müvafiq tərəflərlə əlaqə saxlanıldığını” təsdiqləyib. Ağ Ev Trampın APEC-də iştirakı barədə hələlik heç nə açıqlamayıb.
“The Wall Street Journal” qəzetinin yazdığına görə, üçtərəfli görüş ideyasını Vladimir Putin oktyabrın 9-da Donald Trampla telefon danışığında irəli sürüb və bu formatdan müharibəni Rusiya üçün sərfəli şərtlərlə bitirmək üçün istifadə etmək istəyir. Tramp görüşə hazır olduğunu desə də, onun əsasən nüvə silahlarının azaldılmasına həsr olunmasını istədiyini bildirib: “Əgər sədr Si istəyirsə, görüşərəm”. “Al Jazeera”nın yazdığına görə, üç lider ayrı-ayrılıqda görüşsə də, indiyədək birlikdə rəsmi danışıqlar aparmayıb.
Peskov Putinin dekabrda Mayamidə keçiriləcək G20 sammitinə mümkün səfəri ilə bağlı isə hələ tez olduğunu deyib və belə səfərlərin böyük logistika çətinlikləri ilə bağlı olduğunu xatırladıb.


