Kürdüstanda iki idarə riski
İraqın şimalındakı muxtar Kürdüstan bölgəsində iki əsas partiya arasında yeni hökumət mübahisəsi kəskinləşib. “Al Jazeera”nın danışdırdığı analitiklərə görə, bölgədə iki rəqib idarənin yaranması təhlükəsi var. Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyası (KDP) keçən həftə Ərbildə parlamenti Kürdüstan Vətənpərvər İttifaqınin (KVİ) iştirakı olmadan işə salıb, Bafel Talabani isə buna cavab olaraq partiyasını hökumətdən çıxarıb.
2024-cü il oktyabrın 20-də keçirilən seçkidə KDP 39, KVİ 23, “Yeni Nəsil” hərəkatı isə 15 yer qazanıb. Hökumət iki ildir qurula bilmir. KVİ-nin yüksək vəzifəli rəsmisi Mahmud Xoşnav kanala deyib: “Əgər Ərbildə Baş nazir təyin olunsa, biz də Süleymaniyyədə eyni addımı atacağıq. KDP nə etsə, biz də Süleymaniyyədə edəcəyik”. Onun sözlərinə görə, böhran ağılla həll edilməsə, bölgə xaosa doğru gedir.
KDP üzvü Subhi Mandalavi isə günahı KVİ-də görür: onun sözlərinə görə, İttifaq hökumətin qurulmasını gecikdirib və KDP-nin kifayət qədər səs toplaya bilməyəcəyinə ümid edib. Mandalavi bölünmə təhdidini “tələsik, düşünülməmiş və real olmayan qərar” adlandırıb, amma iki partiya arasında silahlı toqquşma olmayacağını deyib: “Biz qardaşıq”.
Bölgədə belə presedent var: 1990-cı illərdə iki partiya arasında münaqişədən sonra Ərbildə və Süleymaniyyədə ayrı-ayrı yerli hökumətlər yaradılmışdı. Müstəqil siyasətçi Yasin Əziz “Kürdüstanda iki idarə xəyalının artıq çox yaxın olduğunu” deyib və tezliklə razılaşma gözləmədiyini bildirib.
Kürdüstan siyasi böhran yaşadığı vaxt bölgədə başqa dəyişiklik də baş verir: Türkiyə Mosul yaxınlığındakı Başika bazasını mərhələlərlə Bağdada təhvil verməyə başlayır.


