Atlantikdə miqrant faciəsi

Seneqal sahillərində, ölkənin şimal-qərbində miqrantları daşıyan qayıq noyabrın 7-də Dakar ilə Sen-Lui şəhərləri arasında, Kebemer departamentinin Lumpul sahillərində aşıb. Seneqal Mətbuat Agentliyinin məlumatına görə, ən azı 34 nəfər ölüb, bu rəqəmi “İnsan Haqları və Dostluq Uğrunda Fəaliyyət” (ADHA) təşkilatı da təsdiqləyib. Daxili İşlər Nazirliyi noyabrın 8-də əvvəlcə 21 meyitin çıxarıldığını, bir nəfərin xilas edildiyini və rəqəmin ilkin olduğunu bildirib. Axtarış davam edir.

“Le Soleil” qəzetinin yazdığına görə, ölənlərin çoxu eyni departamentin Leona və Tiyepp məntəqələrindəndir. Hadisə düz dibli piroq tipli qayıqla baş verib.

Qərbi Afrikadan İspaniyanın Kanar adalarına gedən Atlantik yolu dünyanın ən təhlükəli miqrasiya marşrutlarından sayılır. Son illərdə bu yolda minlərlə insan ölüb. “Walking Borders” miqrant hüquqları qrupunun məlumatına görə, təkcə bu ilin ilk beş ayında 635 nəfər həyatını itirib.

Hadisə miqrant axınının artdığı vaxta düşüb. İspaniyanın El Yerro adasının hakimiyyəti noyabrın 7-də fövqəladə vəziyyət elan edib. Onların məlumatına görə, noyabrın əvvəlindən adaya 30-a yaxın qayıqla 3 300-dən çox insan gəlib.

Daxili İşlər Nazirliyi qurbanların ailələrinə yardım göstərildiyini bildirib. Seneqal sahillərindən yola düşən belə qayıqlar adətən Kanar adalarına doğru üzür.

Leave A Reply