Başika bazası təhvil verilir

Türkiyə və İraq noyabrın 8-də birgə bəyanat yayaraq Mosul yaxınlığındakı Başika bazasının İraq qüvvələrinə verilməsi prosesinin başlayacağını elan edib. Bəyanatda deyilir ki, Türkiyə tərəfi liderlər səviyyəsində əldə olunan razılığa uyğun olaraq Başika-Zilkan düşərgəsinin mərhələlərlə İraq federal hökumətinə təhvil verilməsi üçün addımlar atmağa başlayacaq. PKK-nın varlığının tam bitməsinə nəzarət etmək üçün isə Birgə Təhlükəsizlik Koordinasiya Komitəsi işə salınacaq.

Ankara Rəcəb Tayyib Ərdoğanın sentyabrın 23-də Nyu-Yorkda İraqın Baş naziri Əli Zeydi ilə görüşündən sonra bazanın təhvil veriləcəyini açıqlamışdı. Şərt PKK-nın İraqın Sincar bölgəsindəki mövcudluğunun tam bitməsi və Suriya sərhədindəki bu strateji ərazinin İraq qüvvələrinin nəzarətinə keçməsi idi. BBC Türkçe-nin yazdığına görə, 8 noyabr bəyanatı sentyabrdan bəri bu istiqamətdə irəliləyiş olduğunu göstərən ilk açıqlamadır.

Türkiyə ordusu 2015-ci ildə Kürdüstan Bölgə Hökuməti ilə razılaşma əsasında, yerli qüvvələri “İŞİD”ə qarşı öyrətmək adı ilə Başikada yerləşib. İraq mərkəzi hökuməti bunu suverenliyinin pozulması sayaraq etiraz etmişdi. Baza 2017-ci ildə “İŞİD”in, 2021-ci ildə isə İranın dəstəklədiyi silahlı qrupların hücumlarına məruz qalıb. “İŞİD” təhlükəsi azaldıqdan sonra Türkiyə buradan İraqdakı PKK ilə mübarizəsini əlaqələndirib.

Ankarada bu razılaşma PKK-nın silah buraxması prosesi üçün kritik sayılır. Sincarın İraq-Suriya sərhədində yerləşməsi Türkiyə üçün illərdir təhlükəsizlik məsələsi idi: Ankaraya görə, PKK Kandil-Mahmur-Sincar xəttindən hər iki ölkədəki fəaliyyətini əlaqələndirmək üçün istifadə edib.

Leave A Reply