Gürcüstana yeni tövsiyə yoxdur

Avropa Komissiyasının noyabrın 4-də dərc etdiyi 2026-cı il genişlənmə hesabatına görə, Gürcüstana Aİ-yə üzvlük danışıqlarının fəsilləri üzrə, fundamental islahatlar istisna olmaqla, yeni tövsiyələr verilməyəcək. Komissiya bunu davam edən demokratik geriləmə ilə izah edir, hesabatda ölkədə vəziyyətin ötən illə müqayisədə pisləşdiyi yazılıb. Gürcüstan hakimiyyətinin namizədlik şərti kimi müəyyən edilmiş doqquz tövsiyənin yerinə yetirilməsi istiqamətində heç bir addım atmadığı bildirilir.

Hesabatın ən sərt hissələrindən biri hakim “Gürcü Arzusu” partiyasının beş müxalifət partiyasının qadağan edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə verdiyi iddiaya aiddir. Komissiyanın qiymətləndirməsinə görə, bu proses Gürcüstanda demokratiyanın fundamental əsaslarına təhlükə yaradır, məhkəmə sistemindən siyasi məqsədlə istifadə ciddi narahatlıq doğurur. “Gürcü Arzusu” iddia edir ki, həmin partiyalar konstitusiya quruluşunu devirməyə yönələn fəaliyyəti qadağan edən 23-cü maddəni pozub.

Komissiya 2025-ci ilin oktyabrındakı bələdiyyə seçkilərinin kəskin qütbləşmə və repressiya şəraitində keçdiyini, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçilərinin orada olmadığını yazır. Hesabatda vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı “sabotaj” və “xarici təşkilatlara düşmənçilik fəaliyyətində yardım” ittihamları ilə başladılan cinayət işləri də tənqid olunur. Komissiya Gürcüstanın Rusiyaya qarşı sanksiyalara tam qoşulmadığını, Rusiya ilə birbaşa uçuşların artdığını və Gürcüstan şirkətlərinin Aİ-nin sanksiya siyahılarına düşdüyünü qeyd edir.

Gürcüstan Xarici İşlər Nazirliyi hesabatı qərəzli adlandırıb və orada faktiki səhvlər olduğunu bildirib. Baş nazir İrakli Kobaxidze sənədin siyasiləşdirildiyini, Gürcüstanın ən demokratik namizəd ölkələrdən biri olduğunu deyib. JAMnews-un yazdığına görə, ölkədə iyirmi ildən çox fəaliyyət göstərən Almaniyanın Konrad Adenauer və Fridrix Naumann fondları işini dayandırıb. Hesabatı Gürcüstan tərəfinə Aİ səfirindən təhvil alan xarici işlər nazirinin müavini Giorgi Zurabaşvili isə noyabrda Baş nazirin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi təyin edilib.

Leave A Reply