Deportasiyada geri addım
ABŞ prezidenti Donald Tramp CBS kanalının noyabrın 8-də yayımlanan “60 Minutes” proqramında deportasiya siyasətinin həddini aşıb-aşmadığı sualına belə cavab verib: “Düşünürəm ki, çox sərt oldu. Məncə, çox sərt ola bilər, bəli”. Onun sözlərinə görə, bu siyasət ona həm kömək edib, həm də zərər vurub: insanlar sərhədin bağlanmasına görə “əla qiymət” verib, amma “yaxşı işi olan, yeganə qanun pozuntusu ölkəyə qeyri-qanuni gəlmək olan” adamların da aparılması ona ziyan vurub.
Tramp demokratlarla sövdələşmənin mümkün olduğunu deyib: qatillər, zorlayanlar və narkotik satıcıları ölkədən çıxarılsın, 10-15 ildir yaşayan insanlar üçün isə həll tapılsın. “Burada olanlar, bəzi hallarda 10-15 ildir burada olanlar üçün razılaşma edək”, - o bildirib. Tramp bəzi demokratların artıq onunla əlaqə saxladığını da iddia edib. Sövdələşmə xatirinə altı ay rəqiblərini təhqir etməkdən çəkinə bilib-bilməyəcəyi soruşulanda “çox asanlıqla” cavabını verib.
“The Guardian” qəzeti yazır ki, bu etiraf Trampın noyabrın 6-da immiqrasiya kampaniyasının memarı Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin etməsi ilə ziddiyyət təşkil edir. İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) iş yerlərinə, evlərə və ictimai yerlərə basqınları zamanı cinayət keçmişi olmayan insanlar da saxlanılıb, ailələr ayrılıb. Bu il Minneapolisdə əməliyyatlar zamanı federal agentlər ABŞ vətəndaşları Reni Qud və Aleks Prettini güllələyib öldürüb.
Tramp respublikaçıların seçki məğlubiyyətinin əsas səbəbləri kimi İran müharibəsini və benzinin bahalaşmasını göstərib, amma müharibə qərarını yenə verəcəyini deyib: “Cavabım qəti bəlidir, çünki İrana nüvə silahı buraxmaq olmaz”. “Forbes”in hesablamasına görə sərvətinin 2024-cü ilin payızından bir il sonraya 3 milyard dollar artması soruşulanda bunu birjanın ümumi artımı ilə izah edib, maliyyəsini oğlunun idarə etdiyini deyib. Ortaq olduğu “World Liberty Financial” kriptovalyuta şirkəti barədə isə “heç nə bilmirəm” cavabını verib.


