Kasparov Berlinə getmədi
Rusiya müxalifətçisi və 13-cü dünya şahmat çempionu Harri Kasparov xüsusi xidmət orqanlarının həyatı üçün mümkün təhlükə barədə xəbərdarlığından sonra Berlinə səfərini ləğv edib. Almaniyanın “Bild” qəzetinin yazdığına görə, o, “Berlin Freedom Week” tədbirində çıxış etməli idi, amma iştirakçılara video müraciət göndərib.
Meduza-nın “Bild”ə istinadla yaydığı məlumata görə, Kasparov müraciətində təhlükəsizlik məsələləri ilə məşğul olanların ona Berlinə getməməyi qəti tövsiyə etdiyini, bunun əsassız risk olacağını bildirib. O, Avropa siyasətçilərini Rusiyaya qarşı kifayət qədər addım atmamaqda tənqid edib və onların Avropanı Vladimir Putinin “oyun meydançası”na çevirdiyini deyib.
İspaniyanın “El Mundo” qəzeti sentyabrın sonunda Rusiya hakimiyyətinin bir neçə ay ərzində ABŞ-də Kasparova sui-qəsd planlaşdırdığını yazmışdı. ABŞ rəsmiləri o vaxt Moskvanın göstərişi ilə rus “dissidentlərinə” sui-qəsd hazırlayan beş nəfərlik qrupun ifşa edildiyini açıqlamışdı.


